Türkiyədə beynəlxalq təşkilatların birgə seminarı keçirilir

Türkiyədə beynəlxalq təşkilatların birgə seminarı keçirilir Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və Dünya Səhiyyə Təşkilatının (DST) birgə təşkil etdiyi “Təcili sağlamlıq vəziyyətlərində səhiyyənin rolu” adlı seminar başlayıb.
Region
6 May , 2024 22:59
Türkiyədə beynəlxalq təşkilatların birgə seminarı keçirilir

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və Dünya Səhiyyə Təşkilatının (DST) birgə təşkil etdiyi "Fövqəladə səhiyyə vəziyyətlərində səhiyyənin rolu" adlı seminar başlayıb.

“Report”un Türkiyə bürosunun xəbərinə görə, tədbirdə TDT-nin, Türkiyə Səhiyyə Nazirliyinin və DST-nin rəsmiləri və tibb ictimaiyyəti iştirak edib.

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev və DST-nin Avropa üzrə regional direktoru Hans Klüge seminarda çıxış ediblər.

K.Ömüralıyev deyib ki, bir neçə gün əvvəl Cenevrədə DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb. O, bildirib ki, bu gün başlayan proqram TDT-DST əməkdaşlığında ilk təlimdir və oxşar proqramların davam edəcəyi gözlənilir.

K.Ömüralıyev türk dövlətlərinin səhiyyə sahəsində əməkdaşlığının 2020-ci ildən TDT tərəfindən həyata keçirildiyini və hər il daha da gücləndiyini deyib. O, qeyd edib ki, iqlim dəyişikliyi, miqrasiya və ətraf mühitin çirklənməsi insanların həyatına və səhiyyə sisteminə ciddi təsir edir: “Türk dövlətlərinin səhiyyə sahəsində böyük potensialı var və əsas məqsəd səhiyyə risklərindən qorunmaqdır. Səhiyyə sistemini inkişaf etdirmək, bu təhlükələrdən qorumaq üçün birgə səylərimizi gücləndirməliyik".

H.Klüge səhiyyənin böhran dövründə olduğunu ifadə edərək, bu sahədə fövqəladə halların hazırda əvvəlkindən çox daha sürətli baş verdiyini bildirib.

Qeyd edək ki, ötən il oktyabrın 28-də Danimarkada TDT-nin baş katibi və DST-nin Avropa üzrə regional direktoru arasında Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planı əsasında həyata keçirilən seminar 12 saatlıq onlayn dərslərlə başlayıb və 5 günlük təlimlə davam edəcək.

Son xəbərlər

Orphus sistemi