Qubada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılır - YENİLƏNİB

Qubada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılır - YENİLƏNİB Azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.
Daxili siyasət
31 Mart , 2024 11:10
Qubada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılır - YENİLƏNİB

Qubada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır.

"Report"un Şimal bürosunun məlumatına görə, minlərlə vətəndaş səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edirlər. Məzarlığı ziyarət edib, dualar oxuyurlar.

Anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Milli Məclisin deputatları, diplomatik korpusun, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, pedaqoji kollektivlər və məktəblilər, ictimayyət nümayəndələri, eyni zamanda Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər soyqırım qurbanlarının xatirəsini yad ediblər.

Anım tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.

Anım mərasimində ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.

Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

10:10

31 Mart Azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, xalqımızın and yerinə çevrilən bu məkana rayon sakinləri axın edirlər. Ziyarətçilər arasında hökumət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan vətəndaşlar, şagird və tələbələr, eləcə də xarici vətəndaşlar var.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin bələdçiləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.

Son xəbərlər

Orphus sistemi