Ali Radanın deputatı: Ukrayna və regionu ciddi ərzaq təhlükəsi gözləyir

Ali Radanın deputatı: Ukrayna və regionu ciddi ərzaq təhlükəsi gözləyir Dünya birliyi Ukraynada taxıl və digər ərzaq məhsulu böhranı ilə bağlı ciddi tədbir görməsə, sabah gec olacaq. Düşmən hər şeyi məhv edir, hətta müharibədən əvvəl becərdiyimiz əraziləri də minalayırlar. Biz əkin sahələrinin təxminən 20 faizi üzərində nəzar
Digər ölkələr
29 Aprel , 2024 09:38
Ali Radanın deputatı: Ukrayna və regionu ciddi ərzaq təhlükəsi gözləyir

Dünya birliyi Ukraynada taxıl və digər ərzaq məhsulu böhranı ilə bağlı ciddi tədbir görməsə, sabah gec olacaq. Düşmən hər şeyi məhv edir, hətta müharibədən əvvəl becərdiyimiz əraziləri də minalayırlar. Biz əkin sahələrinin təxminən 20 faizi üzərində nəzarəti itirmişik.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Aqrar və torpaq siyasəti komitəsinin sədr müavini, hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Stepan Çernyavski bildirib.

Deputat vurğulayıb ki, Ukrayna təkbaşına bu problemi həll edə bilməz. Onun sözlərinə görə, böyük əraziləri azad etmək lazımdır və bunun üçün çoxlu vəsait lazımdır: “Minatəmizləmə məsələləri, logistika məsələlərinin həlli, müasir toxum sortların alınması, yanacaq təchizatı, mineral gübrələr indi və dərhal həll edilməlidir. Çünki sabah çox gec ola bilər və bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı olduqca çox çətin vəziyyət yarana bilər. İşğaldan əvvəl bizim 40 milyon hektardan çox kənd təsərrüfatı torpaqlarımız var idi. Hazırda 34 milyon hektara yaxın ərazi bizim nəzarətimizdə qalır, yəni 6-7 milyon hektara yaxın kənd təsərrüfatı sahəsinə müvəqqəti olaraq nəzarətimizi itirmişik. Əlimizdə olandan da müharibə üzündən, enerji mənbələrinin atəşə tutulması üzündən yetərli istifadə edə bilmirik".

Onun sözlərinə görə, Prezident Volodimir Zelenskinin təşəbbüsü ilə baş tutacaq Sülh Formulu bunun həll yolu ola bilər: "Müharibənin sonunu gözləyirik. İlk əvvəl, bu, nüvə və radiasiya təhlükəsizliyi, qida, enerji, ekoloji təhlükəsizliyi, əsir götürülmüş və deportasiya edilmiş vətəndaşlarımızın geri qaytarılması və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır”.

Komitə sədrinin müavini əlavə edib ki, Ukrayna ən böyük kənd təsərrüfatı məhsulları istehsalçılarından biridir. Dünyadakı bütün taxıl məhsulun 2%-ni istehsal edir. Müharibə olduğu üçün məhsulların dünya ərzaq bazarına çıxarılmaması və qıtlıq riski var:

“Əsas problemlər düşmənin dəniz limanlarımızı və nəqliyyat qovşaqlarımızı davamlı atəşə tutması nəticəsində yaranan logistika məsələləridir. Bu, həmçinin energetika problemidir, çünki düşmən hər gün enerji infrastrukturumuzu məhv etməyə çalışır. Bütün bunlar birlikdə dünyanın ərzaq təhlükəsizliyinə böyük təhlükədir. Bu taleyüklü problemi həll etməyin yeganə yolu bütün ölkələri onun ətrafında birləşdirməkdir. Biz BMT-yə çatmalıyıq ki, o, nəhayət, əsas vəzifələrini yerinə yetirsin və Ukraynaya qarşı müharibə dayandırsın”.

Son xəbərlər

Orphus sistemi