Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3

Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3 Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinin əleyhinə çıxanlar parlamentin binasına yürüş ediblər.
Region
29 Aprel , 2024 00:35
Gürcüstanda aksiyaçılar barrikadalar qurmağa başlayıblar - YENİLƏNİB-3

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar xüsusi təyinatlılara qarşı barrikadalar qurmağa başlayıblar.

"Report"un yerli bürosu xəbər verir ki, polislə aksiya iştirakçıları arasında qarşıdurma davam edir.

DİN aksiya iştirakçılarını təxribata uymamağa çağırıb. Aksiya iştirakçıları isə qanun layihəsinin qəbul olunmamasını tələb edir.

Parlamentin binası qarşısına əlavə dəmir hasarlar gətirilib. “Gürcü Arzusu” partiyası tərəfindən sabaha planlaşdırılan mitinq üçün səhnə qurulan qanunvericilik binasının qarşısında bəndlər quraşdırılıb.

28.04.2024.23:55

Gürcüstanın paytaxtı Tbilisidə, Rustaveli prospektində "Rusiya qanunlarına yox, Avropaya hə” şüarı ilə etiraz aksiyasının keçirildiyi parlament binası qarşısındakı yaxın əraziyə polisin xüsusi təyinatlı dəstəsi cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, əraziyə su şırnağı da gətirilib.

Parlamentin bütün girişlərində xüsusi təyinatlılar yerləşdirilib. Aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma etirazçıların tələbindən sonra başlayıb. Xüsusi tapşırıqlar idarəsinin nümayəndələri də parlamentin həyətindədir.

Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayaraq, aksiyanın zorakılığa çevrildiyini bildirib.

“Hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları dəfələrlə polis kordonunu yarmağa cəhd ediblər. Asayişi bərpa etmək üçün polis qanunla müəyyən olunmuş xüsusi vasitələrdən istifadə edib. Bir daha mitinqin təşkilatçılarını, siyasi partiya rəhbərlərini və iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmağa, qanunla müəyyən edilmiş etiraz ifadəsi normalarını aşmamağa çağırırıq”, - nazirliyin məlumatında vurğulanır.

Qeyd edək ki, etiraz aksiyasında bibər qazından zərər çəkənlərə tibbi yardım göstərilir. Gürcüstanın Daxili İşlər Nazirliyi daha öncə aksiyanın zorakılığa çevrildiyi üçün xüsusi vasitələrdən istifadə etdiyini bildirib. Bunun üçün də bibər qazından istifadə edilib.

23:15

Gürcüstan parlamentinin binası qarşısında aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

"Report"un yerli bürosu xəbər verir ki, qarşıdurmaya səbəb mitinq iştirakçıları tərəfindən Gürcüstan parlamentinin qarşısında hasarlanmış səhnəyə çıxmaq tələbi olub.

Hazırda aksiya iştirakçıları ilə Daxili İşlər Nazirliyinin əməkdaşları arasında danışıqlar gedir.

Mitinq iştirakçıları “Gəlin içəri girək” şüarları səsləndirirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) də öz növbəsində aksiyanın təşkilatçılarını, iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa, ictimai asayişi qorumağa çağırıb: “Həmçinin Rustaveli prospektində qanunvericilik binasının qarşısında qurulan səhnənin inventarına və avadanlıqlarına xələl gətirməməyə səsləyirik. Rustaveli prospektində davam edən aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub və vətəndaşların təhlükəsizliyini qoruyur. Mitinqin təşkilatçılarını və iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa, ictimai asayişi qorumağa çağırırıq".

"Həmçinin aksiyanın hər bir iştirakçısını Rustaveli prospektində, qanunvericilik binasının qarşısında qurulan səhnənin texnologiya və avadanlıqlarına xələl gətirməməyə çağırırıq. İstənilən qanun pozuntusunun qarşısı polis tərəfindən dərhal alınacaq”, - DİN-in bəyanatında deyilir.

22:19

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinin əleyhinə çıxanlar parlamentin binasına yürüş ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, onlar qanun layihəsinin səsvermədən çıxarılmasını tələb edərək binanı əhatə etməyi planlaşdırırlar.

Müxalifət partiyaları təxribatlara yol verməmək üçün hakimiyyəti parlamentin müvafiq komitəsini sabahkı dinləmələri təxirə salmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi