Ermənistanın enerji müstəqilliyi axtarışı - Azərbaycanın təbii qazına ehtiyac

Ermənistanın enerji müstəqilliyi axtarışı - Azərbaycanın təbii qazına ehtiyac Ötən ay Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. Bu fikrin səsləndirilməsində iki ölkə arasında iqtisadi əməkdaşlığın qurulması istəyindən savayı qonşu ölkənin
Energetika
8 May , 2024 16:40
Ermənistanın enerji müstəqilliyi axtarışı - Azərbaycanın təbii qazına ehtiyac

Ötən ay Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. Bu fikrin səsləndirilməsində iki ölkə arasında iqtisadi əməkdaşlığın qurulması istəyindən savayı qonşu ölkənin çətin vəziyyətdə olduğunu göstərən əlamətlər də var.

“Report” bu yazıda Ermənistanın təbii qaz almaq istəyinin səbəblərini və bunun münasibətlərə təsirini göstərməyə çalışır.

Əvvəla qeyd edək ki, bunu heç də saf dostluq münasibətinin qurulması istəyi ilə sülh prosesinə müəyyən töhfə verəcək addım saymaq olmaz. Azərbaycan dəfələrlə Zəngəzur dəhlizinin açılması təklifi ilə bu addımı atıb. Lakin qonşu dövlət 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən daim boyun qaçırır.

Azərbaycan isə bu hərəkətə cavab olaraq İranla “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzaladı. Bununla bir daha sübut etdi ki, heç də asılı tərəf deyil və Ermənistan öhdəliklərindən qaçmaqla yenə də uduzan tərəf oldu. Ümumiyyətlə Ermənistan tərəfi anlamalıdır ki, sülh sazişi imzalanmadan nəinki hər hansı bir iqtisadi, ümumiyyətlə heç bir sahədə əməkdaşlıqdan söz gedə bilməz. Lakin saziş imzalandıqdan, bütün kommunikasiya vasitələri açıldıqdan sonra hansısa əməkdaşlıqdan danışmaq olar.

Bu səbəbdən Ermənistan Azərbaycandan qaz almaq istəyərkən əvvəlcə sülh sazişinin imzalanması məsələsini xatırlamalıdır. Həmçinin nəzərə almalıdır ki, Azərbaycan qazının hazırda kifayət qədər alıcısı var və Ermənistan bazarı iqtisadi cəhətdən ölkəmiz üçün çox da səmərəli deyil. Eyni zamanda spiker tərəfindən səsləndirilən fikir Ermənistanın enerji təchizatında və xarici siyasət strategiyasında ciddi dəyişiklik etməyə hazırlaşdığını göstərir.

Rusiya uzun müddət bu ölkənin əsas enerji təchizatçısı olsa da, yeni addım Ermənistanın enerji təhlükəsizliyini və xaricdən asılılığını yenidən dəyərləndirdiyinə işarədir. Azərbaycandan təbii qaz almaq istəyi bu ölkənin Rusiyadan enerji asılılığını azaltmaq səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Görünür, son zamanlar Rusiya ilə siyasi və strateji gərginlik, Qərbə meyletmə Ermənistanı alternativ enerji mənbələri axtarmağa sövq edir. İstəyin qarşı tərəfdən gəlməsi də göstərir ki, belə bir addım indiki vəziyyətdə Ermənistan üçün daha vacibdir. Enerji asılılığından qurtulmaq istəyinə münasibətlərin bərpası kimi yanaşsaq o zaman Azərbaycanın da təkliflərini diqqətdə saxlamalıyıq. Dəqiq təhlil etsək görərik ki, Azərbaycanın etdiyi təkliflər Ermənistanla yanaşı region iqtisadiyyatının güclənməsinə xidmət edir.

Ermənistanın Azərbaycanla razılığa gəlməsi həmin ölkənin təkcə enerji sahəsində asılılığını azaltmaz, iqtisadiyyatın bir çox sahəsində dirçəlişinə səbəb olar. İndiyədək apardığı siyasət nəticəsində Ermənistan həm Azərbaycanın iştirak etdiyi, həm də təşəbbüskarı olduğu bir çox beynəlxalq layihələrdən uzaq qalıb. Bu yanlışın aradan qaldırılması isə qonşu ölkənin ilk növbədə uzlaşmaya gəlməsi, Azərbaycanın tək iki ölkə üçün yox, region üçün faydalı olan təkliflərinə müsbət cavablar verməsi ilə mümkündür.

Ermənistan iqtisadiyyatı istər təbii ehtiyatlar, istərsə də birgə əməkdaşlıqlar baxımından uğursuzdur. Müəyyən güzəştlərlə, ianələrlə qorunub saxlanan iqtisadiyyata Azərbaycanla yaxınlaşma nəticəsində yeni nəfəs gələcək ki, bu da iki ölkə arasındakı münasibətlərin bərpası ilə yanaşı, Ermənistan xalqının da iqtisadi uçurumdan xilasına gətirib çıxarar.

Təbii ki, bu məsələnin siyasi tərəfləri də var. Ermənistanın Azərbaycanla təkcə enerji sahəsində yox, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq etməsi regionda sülh prosesinin sürətləndirilməsində, davamlı sabitlikdə mühüm rol oynaya bilər.

Nəticədə Ermənistanın Azərbaycandan təbii qaz almaqla bağlı fikirləri regionda geosiyasi tarazlıqlara və sülh prosesinə təsir edəcək mühüm hadisədir. Bu istəyin reallaşdırılması regionda siyasi və iqtisadi münasibətlərin gələcəyinə töhfə verə və regional sabitliyin təmini üçün konstruktiv addım hesab edilə bilər. Nəhayət Ermənistan hökuməti ölkənin xilası, iqtisadi və siyasi sabitlik üçün bu cür addımlar atmağın lazım olduğunu başa düşməli, siyasi alətə çevrilmək yolundan dönərək ölkəsinin və xalqının gələcəyini düşünməlidir.

Hazırda Ermənistan Rusiya qazının min kubmetrini 165 ABŞ dollarına alır. Qeyd edək ki, Ermənistanın strateji müttəfiqi sayılan Rusiya vaxtilə 300 milyon ABŞ dollarlıq qaz borcu müqabilində Ermənistandan bəzi strateji obyektləri əlindən alıb.

Son xəbərlər

Orphus sistemi