Mətbuat Şurası və “Veysəloğlu” şirkəti yazı müsabiqəsi elan edib

Mətbuat Şurası və “Veysəloğlu” şirkəti yazı müsabiqəsi elan edib Müsabiqə üçün yazılar iyun ayının 3-dən iyul ayının 3-dək qəbul olunacaq
Media
31 May , 2017 15:50
Mətbuat Şurası və “Veysəloğlu” şirkəti yazı müsabiqəsi elan edib

Bakı. 31 may. REPORT.AZ/ Mətbuat Şurası “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi elan edib. 

Bu barədə "Report"a Mətbuat Şurasından məlumat verilib.

Müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır:

Yerli istehsal və ixracatın stimullaşdırılması, pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər, yerli şirkətlər və korporativ sosial məsuliyyət, Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər, yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.

Müsabiqədə I yerin qalibi (1 nəfər) – 1000 manat, II yer (2 nəfər) - 500 manat, III yer (3 nəfər) isə 300 manat pul mükafatı ilə mükafatlandırılacaq.

10 nəfərə 100 manat məbləğində həvəsləndirici mükafat təqdim olunacaq.

Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.

Müsabiqəyə təqdim olunan yazılarda mövzunun dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.

Müsabiqəyə iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.

Bundan başqa, yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir. Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir. Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Müsabiqə üçün yazılar iyun ayının 3-dən iyul ayının 3-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. 

Son xəbərlər

Orphus sistemi