Ukraynada sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq

Ukraynada sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq Ukrayna Ali Radasında gələn aya qədər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
Region
1 May , 2024 13:30
Ukraynada sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq

Ukrayna Ali Radasında gələn aya qədər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin deyib.

"Hazırda iki ssenarini nəzərdən keçiririk. Birincisi, sanksiyaların tətbiqi ehtimalıdır. Çünki bu, “Odnoklassniki” və “VKontakte”də tətbiq edilib. Sonra isə prezidentin fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı təqdim edilir.

Prinsipcə, şəbəkənin Ukraynada fəaliyyət göstərmək imkanı yoxdur. “Odnoklassniki”, “VKontakte”də təcrübəmiz var. İndi ABŞ-də TikTok-la bağlı belə qərarlar qəbul edilib. Ukraynada bu, çox güman ki, Rusiyanın təbliğatını aparan sosial şəbəkələrə aid ediləcək", - deyə komitə sədri vurğulayıb.

Y.Yurçişin qeyd edib ki, indi, bu sahədə ən təhlükəli olanlar teleqram və TikTok-dur: "Prinsipcə, başqa bir həll yolu var, bu, qanuni olaraq bütün sosial şəbəkələri (teleqram, TikTok, feysbuk, Viber, Watsapp, Signal) mülkiyyət sistemini göstərməyə məcbur etməkdir. Rusiyanın təbliğatını və dezinformasiyasını məhdudlaşdırmaq üçün qarşılıqlı fəaliyyət mexanizmini işləyib hazırlamaq lazımdır. Şəbəkə bunu etmirsə, o zaman Ukraynada qeyri-şəffaf elan edilir və dövlət qurumları üçün məhdudiyyətlər başlayır”.

Bu məsələdə söz azadlığı hüququnun pozulması ilə bağlı iddialara gəldikdə, deputat bildirib ki, Ukrayna Konstitusiyası hər bir insanın söz azadlığına zəmanət verir: “Biz bunu pozmuruq. Qısa izah etsəm, bizim məqsədimiz odur ki, anonim mənbə və yaxud özünün kimliyini təqdim etməyən kanal söz azadlığı uğrunda mübarizə apara bilməz. Hər bir ölkənin informasiya təhlükəsizliyi uğrunda mübarizə aparmaq, informasiya məkanında cinayət əməllərinin və sui-istifadə hallarının olmamasını təmin etmək imkanı var. Dezinformasiya və təbliğata qarşı mübarizə heç bir halda söz azadlığına hücum deyil”.

Deputat bildirib ki, indi bu, Ali Şuraya yeni təqdim olunub, hüquqi və ekspertiza qiymətləndirməsi mərhələsindədir: “Düşünürəm ki, biz bu məsələyə yaydan tez baxacağıq. Xüsusi xidmət orqanlarımız hazırda şəbəkələrin nümayəndələri ilə əlaqə saxlayır. Bir neçə gün əvvəl 24 rusiyalı təbliğatçının kanalı bağlanıb. Bunlar TikTok kanallarıdır”.

Komitə sədri vurğulayıb ki, əslində əllərində kifayət qədər material var. “Biz “Viber”, “YouTube”, “feysbuk”la fəal əməkdaşlıq edirik və Rusiya təbliğatı ilə əlaqəli, botlardan, saxta hesablardan istifadə edən bir sıra kanalları bloklayırıq. Bu material, ya Milli Təhlükəsizlik Şurası, ya da Televiziya və Radio Yayımlarının Tənzimlənməsi üzrə Milli Komissiya tərəfindən verilir. Bunun əsasında sosial şəbəkəyə sorğu verilir. Buna görə də, prinsipcə, hazırlıq prosedurunun özü artıq həyata keçirilib. Yalnız Ukraynanın rəsmi strukturları ilə sosial şəbəkələrin nümayəndələri arasında ünsiyyət olacaq", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi