Şəkidə immunizasiya kampaniyası başlayıb

Şəkidə immunizasiya kampaniyası başlayıb Şəkidə Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyi ilə bağlı immunizasiya kampaniyası başlayıb.
Sağlamlıq
6 May , 2024 17:23
Şəkidə immunizasiya kampaniyası başlayıb

Şəkidə Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyi ilə bağlı immunizasiya kampaniyası başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 6-da başlayan kampaniya ayın 10-dək Şəki şəhərində və rayonun kəndlərində davam etdiriləcək.

Qeyd olunur ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq, Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və İmmunizasiya həftəsi ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.

Şəki Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə bildirilib ki, İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün təşkil olunmuş həkim briqadaları kəndlərdə səyyar xidmətlər həyata keçirir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirib, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırıblar.

Açılış nitqi ilə iştirak edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı 1974-cü ildə ÜST-nin təşəbbüsü ilə başladılan Genişləndirilmiş İmmunizasiya Proqramına (GİP) diqqət çəkərək, bu sahədə son 50 ildə əldə edilən nailiyyətləri qeyd edib.

Tədbirdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva və digər natiqlər çıxış ediblər.

Bildirilib ki, kampaniyaya həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb edilib. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı, o cümlədən, 75 icma lideri iştirak edib. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla təchiz olunması məqsədi daşıyır. Kampaniya müddəti boyunca əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunur.

Son xəbərlər

Orphus sistemi