Sosial şəbəkəyə hücum -  güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH

Sosial şəbəkəyə hücum -  güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH Sosial şəbəkə, onun əlavələri cəmiyyətin vacib elementinə çevrilib. Bunun başlıca səbəbi insanların başqa tələbləri ilə yanaşı, informasiyaya olan ehtiyaclarının da artmasıdır. Əvvəllər informasiya texnologiyalarının səviyyəsinə uyğun olaraq bu tələbatı
Analitika
1 May , 2024 14:11
Sosial şəbəkəyə hücum -  güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH

Sosial şəbəkə, onun əlavələri cəmiyyətin vacib elementinə çevrilib. Son illərin təcrübəsi göstərir ki, bunlardan inqilablar etmək, kütləvi etiraz aksiyaları keçirmək üçün istifadə olunub. Klassik inqilablarda televiziya və radio şirkətlərinin tutulması da vacib amillərdən sayılırdı. Ona görə inqilabi şəraitlərdə şirkətin mühafizəsi gücləndirilir. Sosial şəbəkə ilə bağlı məsələni həlli isə onu bağlamaqla həyata keçirilir. Ötən illərin təcrübəsi göstərir ki, İranda etiraz aksiyaları zamanı Tehran sosial şəbəkəni bağlamaq, yaxud onun sürətinə problem yaratmaqla ictimaiyyəti xəbərsiz qoyaraq, həm də onlar arasında əlaqənin kəsilməsinə nail olub.

İran hakimiyyəti Feysbuk sosial şəbəkə əlavəsinə maneələr yaratmışdı. O vaxt bildirdilər ki, Tehran Çindən 10 milyard dollarlıq xüsusi filtr proqramları alıb.

Yaxud bir zamanlar bu ölkədə öz sosial şəbəkəsini yaratmaq təklif olunurdu və s.

Hazırda dünyada Feysbuk, instaqram, X, TikTok, teleqram və sair sosial şəbəkələr var.

Müxtəlif ölkələrdə bunlara qarşı zaman-zaman təzyiqlər edilir, onlar bloklanır və yerli-yersiz hücuma məruz qalır.

Məlumatlara əsasən, onlardan üçü - Feysbuk, X və İnstaqram ABŞ-nin nəzarəti altındadır. Teleqramın əsas bazası Böyük Britaniyada yerləşir. TikTok isə Çinin sayılır.

Bu sıralamadan göründüyü kimi, hər qütbün və ya beynəlxalq müstəvidə siyasi blokun öz şəbəkəsi var. Deməli, şərti hələ də tam formalaşmayan qütblər arasında rəqabət də mövcuddur. Qlobal səviyyədə böyük güclər bir-birinə problem yaratmaq üçün müxtəlif vasitə, alətlərlə yanaşı sosial şəbəkədən də istifadə edirlər. Bu həm də ABŞ ilə Çin arasında bu istiqamətdə də rəqabətin mövcudluğu deməkdir.

Bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Tiktok-un ölkədə qadağan edilməsi haqqında qanunu təsdiqləyib. Şəbəkə rəhbərliyi bunun ləğvi ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirib.

Ştatlar nədən belə bir addım atıb? Ehtimal olunur ki, bu tətbiq istifadəçilərə aid şəxsi məlumatları Çinə ötürür. Bildirilib ki, TikTok rəhbərlərinə əlavəni satmaq üçün 100 milyard dollar təklif olunub. Ötən il isə şirkətin təkcə ABŞ-də ən azı 20 milyard dollar qazandığı bildirilir.

Hadisələrin gedişi sübut edib ki, bağlamaq və başqa təzyiqlərlə belə informasiya texnologiyasının qarşısını almaq mümkünsüzdür. Tiktok yeni nəsil insanlar, xüsusən yeniyetmələr arasında daha populyardır. Bu həm də müasir informasiya texnologiya sahəsində nailiyyətlərin daha çox onlara məxsus olduğu anlamına gəlir.

Məlumatlara görə, ABŞ, Avropa Komissiyasının (AK) ardınca Kanada da hökumət strukturlarında onun tətbiqi qadağan edilib. Hakimiyyət buna səbəb kimi "məxfilik və təhlükəsizlik riskinin qəbuledilməz səviyyəsini" göstərib.

Başqa bir örnək. Fransa hökuməti teleqram kanalının ölkə ərazisində istifadəsini bloklayıb.

Göründüyü kimi, məsələ heç də sosial şəbəkədə ictimaiyyəti narahat edən məişət məsələləri ilə bağlı yayılan yüngül, əxlaqa zidd məlumatların, materialların yayılması deyil. Çünki TikTok-da olduğu kimi ABŞ-nin nəzarətində olan şəbəkələrdə də belə hallara rast gəlinir. Problem güclər arasında geosiyasi maraqların toqquşmasındadır.

Çin Xarici İşlər Nazirliyinin qərarları tənqid etməsi və Qərb hökumətlərinin qorxmamağa çağırması da bunu təsdiqləyir.

Yeri gəlmişkən, TikTok-un Los-Anceles, Nyu-York, London, Paris, Moskva, Berlin, Dubay, Mumbay, Cakarta, Seul və Tokioda ofisləri var. 2018-ci ildə tətbiqin 150 ölkədən bir milyarddan çox istifadəçisi olub. Proqramın ən populyar olduğu Çində istifadəçilərin 60 faizi 25-44 yaş arasındadır. Ölkədən kənarda isə istifadəçilərin 43 faizi 24 yaşdan yuxarıdır. 2021-ci ilin sentyabr ayında TikTok-un aylıq auditoriyası bir milyardı keçib.

Bu göstəricilər onu deməyə əsas verir ki, TikTok-un bloklanması milyonlarla istifadəçinin sərbəst məlumat əldə etmək imkanından məhrum olunmasıdır.

Bir vaxtlar dünyada kəskin qütbləşmə var idi. Onda ölkələrdə çıxan mətbu orqanları siyasi-ideoloji baxımdan sol və sağa bölünürdü. Güclər həmin KİV-dən bir-birinə qarşı istifadə edirdi. İndiki zamanın informasiya texnoloji uğurlarından güclərarası mübarizədə istifadə olunur.

Ancaq kimin nəzarət altında olmasına baxmayaraq, sosial şəbəkənin bloklanması insanların söz, ifadə azadlığına hörmətsizlik sayılır. Məsələn, Fransada çıxan “Charlie Hebdo” (“Şar ebdo”) jurnalında insanların dini heysiyyatını təhqir edən materiallara qarşı çıxılanda onu müdafiə edib, bunu söz, ifadə azadlığı əsaslandırırlar. Onu da qeyd edək ki, hər hansı bir ölkədə feysbukun bağlanması ilə bağlı təşəbbüs irəli sürülən kimi ABŞ bunu ifadə azadlığına hücum kimi qiymətləndirir.

Belə görünür ki, sosial şəbəkə ziddiyyətlərin alətinə çevrilir. Ancaq əsas məsələ onun fəaliyyətinin qanunla tənzimlənməsidir. Onları KİV haqqında qanunlarla idarə etmək mümkünsüz olub. Çünki dünyada texnologiyaya uyğun olaraq hər kəsin informasiya mənbəyi rolunda çıxış etmək imkanı yaranıb. Əsas məsələ də milyardlarla istifadəçiyə birlikdə yardım etmək, onların fəaliyyətini qanunla tənzimləməkdir. Əks halda hadisələr istənilən dövlət üçün arzuolunmaz nəticələrə səbəb olar. Çünki sosial şəbəkə informasiya texnologiyası sahəsində inqilabın nəticəsidir. İnqilab isə adətən yeni keyfiyyət dəyişikliyidir. Sosial şəbəkə həyatın bütün sahələrinin əhatə etdiyindən bu hadisənin hər yerdə baş vermə ehtimalı var.

Son xəbərlər

Orphus sistemi