Türkiyə və Azərbaycan kitabxanaları birgə layihələr həyata keçirəcək

Türkiyə və Azərbaycan kitabxanaları birgə layihələr həyata keçirəcək Türkiyənin Millət Kitabxanası ilə Azərbaycanın aparıcı kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə edilib. "Report"un Ankara bürosu xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini
Mədəniyyət siyasəti
30 Aprel , 2024 14:49
Türkiyə və Azərbaycan kitabxanaları birgə layihələr həyata keçirəcək

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Cümhurbaşkanlığının Millət Kitabxanasının direktoru Ayhan Tuğlu ilə görüşüb.

"Report"un Ankara bürosu xəbər verir ki, görüşdə Türkiyənin Millət Kitabxanası ilə Azərbaycanın aparıcı kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə edilib.

A.Tuğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən təşəbbüsü və sərəncamı ilə 2015-ci ildə yaradılan Millət Kitabxanasının ölkənin ən böyük kitabxanası olduğunu, öz kolleksiyaları, xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında olduğunu vurğulayıb. O, kitabxananın fondunda 4 milyon 732 min nüsxə çap resursu, 950 min elektron kitab, 125 min elektron jurnal və 300 milyondan çox məqalə, hesabat və s. mövcud olduğunu qeyd edərək, bu informasiya resurslarının oxuculara təqdim olunmasında müasir kitabxana-informasiya sahəsi üzrə yanaşmaların tətbiq edildiyini deyib.

Direktor A.Tuğlu qabaqcıl təcrübəyə malik Millət Kitabxanasının Türkiyədə bütün əhali təbəqəsi və yaş kateqoriyalarının nəzərə alındığı, uşaq, gənclər, habelə tədqiqatçılar üçün xidmət göstərən unikal elm, təhsil və informasiya ocağı olduğunu qeyd edib. O, nadir əsərlərin elektron surətlərinin təqdim edildiyi kitabxanada oxucular, tədqiqatçılar üçün Osmanlı arxivləri, Türkiyə Dövlət arxivlərinin materiallarından istifadə etmək imkanı yaradıldığını da bildirib. O, Millət Kitabxanasının ABŞ, Almaniya, Britaniya, Avropa İttifaqı ölkələri, Rusiya, Qazaxıstan kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, kitabxanada Türk dövlətlərinin, o cümlədən Azərbaycana aid nəşrlərin də əks olunduğu bölümlərin yaradıldığını vurğulayıb. Direktor Ayhan Tuğlu Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək dəyərləndirərək, birgə əməkdaşlığın əhəmiyyətli olacağını qeyd edib.

S.Abbasov Türkiyə ilə yüksək səviyyəli qardaşlıq əlaqələri və əməkdaşlıq barədə danışaraq, bütün sahələrdə olduğu kimi dövlətlərimiz üçün mədəni əlaqələr, kitabxana-informasiya sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. O, öz zəngin mədəniyyəti, ədəbiyyatı və elmi ilə dünyaya böyük töhfələr verən Azərbaycanın Türk dövlətləri ilə mədəniyyət sahəsində mübadiləyə ehtiyacı olduğunu qeyd edib.
O bildirib ki, kitabxana-informasiya sahəsində Türkiyə ilə təcrübə mübadiləsinin aparılması, Azərbaycanın aparıcı kitabxanaları ilə əlaqələrin qurulması, qarşılıqlı səfərlərin reallaşdırılması, Millət Kitabxanasında Azərbaycan fondunun daha da zənginləşdirilməsinə ehtiyac var. Habelə, kitabxanada Azərbaycan tarixi, mədəniyyəti, mütəfəkkirlərinə həsr olunmuş yubiley və konfransların təşkili, azərbaycanlı mütəxəssislərin kitabxananın nadir nəşrlər fondu və Türkiyə arxivləri elektron bazasından istifadə edərək tədqiqat aparmasına şərait yaradılması barədə təkliflərlə çıxış edib.

Tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi